Adamlıq Dinində Ortaq Psixologiya və Davranış Formaları (6/6)
14- Adamlıq dinində mübahisəçi üslüb
Adam olmağın əsaslarından biri də mübahisəçi olmaqdır. Çünki mübahisədə udmaq adamlıq dinində çox mühüm etibar mövzusudur. Adamlıq dininə görə, qalib tərəf olmaq ağılın, gücün və ya xarakter üstünlüyünün əlamətidir. Məğlub olmaq isə zəiflik əlamətidir. Buna görə, insanlar hər hansı bir fiziki mübarizə və ya mübahisə mühitində haqsız da olsalar, mütləq üstün gəlmək üçün əllərindən gələni edərlər. Mübahisənin başqa bir əhəmiyyətli tərəfi isə şəxsiyyəti müəyyən etməsidir. İnsan xoşuna gəlməyən bir vəziyyətdə qarşısındakına kobud münasibət göstərə bilirsə, adamlıq dininə görə bu, onun güclü xarakterə sahib olduğunu göstərir. Bu səbəbdən, dini yaşamayan insanlar arasında tez-tez mübahisələrə rast gəlmək mümkündür.
İnsanların ən çox mübahisə etdiyi yerlərdən biri nəqliyyatdır. Buna görə də adamlıq dininin minlərlə əlamətini görə bildiyimiz yerlərdən biri nəqliyyatdır. Yolda cəmi 10-15 dəqiqə avtomobildən istifadə etməklə adamlıq dinini yaşayan yüzlərlə insanın hərəkətlərinə rast gəlmək mümkündür.
Məsələn, insanlar nəqliyyatda ətrafındakı insanları alçaldır və onlara dəyər vermədiklərini göstərmək üçün əllərindən gələni edirlər. Bir-birlərinə yol vermirlər. Hətta əgər arxalarında siqnal verən və ya maşının işıqlarını yandıran olarsa, bunu qürurlarına sığışdırmır və tələsərkən belə xüsusilə ağır hərəkət edirlər. Ətrafdakı sürücüləri tənqid edir, tez-tez avtomobilin içində qışqırırlar. Taksiyə və ya birinin avtomobilinə mindikdə tez-tez “nə edirsən, korsan? Önünə bax, biz də tələsirik, təkcə sənsən tələsən?” kimi sözlər eşidər və bu sözlərə uyğun mimikalar görərsiniz.
Nəqliyyatda ən böyük mübahisələr və bilavasitə ən şiddətli adamlıq dini reaksiyaları da qəza əsnalarında görünür. Yolda toqquşan iki avtomobil olduqda hər iki sürücünün də günahı bir-birinə atdığını görərsiniz. Yol polisi hadisəyə müdaxilə etmədiyi müddət boyu günahkar olan tərəf böyük ehtimalla öz günahını qəbul etmir. Ümumiyyətlə, belə qəzalarda hər iki tərəf əsəbi davranmağa başlayır. Qışqıraraq qarşı tərəfi əzməyə çalışır, əgər bunda müvəffəqiyyətli ola bilmirsə, əsəbindən dəli olubmuş kimi davranmağa başlayır. Bununla, qarşı tərəfi qorxudacağını və haqsızlığını qəbul edəcəyini düşünür. Əgər bu da bəs etmirsə, qalibiyyətini sübut etmək üçün qarşısındakına əl qaldırır.
Bu hallarda insanların, həqiqətən, özlərini idarə edə bilmədikləri üçün mübahisə etdikləri düşünülür. Halbuki, belə davranışların hamısı adamlıq dininin tələbi olaraq və incəliyinə qədər planlı şəkildə edilir. Qəza törədənlərin avtomobillərindən enərkən istifadə edəcəkləri səs tonundan mimikalarına və hətta söyləyəcəkləri sözlərə qədər hər şey hafizələrində əzbərlənmişdir. Qəza olduqda avtomatik olaraq əzbərlədikləri bu qaydaları tətbiq etməyə başlayırlar. Beləliklə, dünyanın hər yerindəki bu ortaq mimika və davranışları adamlıq dininin əsası olaraq yerinə yetirmiş olurlar.
15- Cavanlıq psixologiyasi
Adamlıq dininin fərdləri arasında yayılmış ortaq bir şəxsiyyət tipi vardır: cavanlıq.
Kişilərdə yetkinlik dövrü ilə başlayan və orta yaşa qədər davam edən cavanlıq psixologiyası insanın davranışlarına çox təsir edir. Əsas xüsusiyyətini cavanlıq olaraq bildirən bu kütlənin ortaq davranış formaları vardır.
Müxtəlif prinsipləri olan bu psixologiyanın gələcək mərhələlərdə fəlsəfi və əxlaqi sistem halına gəldiyi görünür. Özünə xas doğru, yanlış və fəzilətləri olan cavanlıq xüsusiyyətləri vardır. Bu sistemə görə, dostunun, qonşunun, məhəllənin qızlarına baxmaq böyük əxlaqsızlıqdır. Lakin tanımadığı birinə qarşı bu hərəkət cavanlıqdır. Yaxınlarının, məhəllənin qadın və qızlarına qarşı da saxta bir qoruma məntiqi vardır. Sözdə düzgünlük, dürüstlük və ya öz ifadələri ilə desək, ciddilik cavanlığın dəyişməz düsturudur, amma bir yolunu tapdıqda hər cür saxtakarlığı edirlər.
Özünü sübut etmək üçün qurulan bu çirkin mədəniyyətdə gərgin, əsəbi və təcavüzkar əhval hakimdir. Nevroz kimi davranmaq, ani sözlər demək, qeyri-sabit hərəkətlər etmək, hər an mübahisə və ya gərginlik yaratmağa hazır olmaq nə qədər cavan olduğunu göstərir. Hamının ondan çəkindiyini göstərmək üçün özünə qeyri-sabit xüsusiyyətə malik görünüş vermək də tez-tez əl atılan üsuldur.
Söhbətləri matç, dava haqqında və cinsi mövzularda olur. Şifahi eşitdikləri və qəzetlərdən oxuduqları az-maz məlumatlarla siyasi, iqtisadi və ya ictimai mövzularda danışmaq, öz deyimləri ilə gəvəzə söhbətlər etmək məqbul sayılır.
Dikbaş və heç kimi vecinə almayan cavan ictimai və ideoloji hisslərini tərəfkeşlik düşüncəsi ilə tamamlayır. Fanatik tərəfdar psixologiyasına malik olur. Tərəfkeşlik futbol komandası, dostlar, eyni məhəllənin uşağı olmaq, eyni işi görmək kimi müxtəlif strukturların hər hansı birində, yaxud da hamısında özünü göstərir. Tərəfdarlar arasında bir-birini qorumaq da cavanlıq əxlaqının bir parçasıdır.
İnsan yaş ötdükcə ictimai, iqtisadi və mədəni səviyyəsində yeni mərhələyə qədəm basır. Buna mütənasib şəkildə də cavanlıq xüsusiyyətindən uzaqlaşır və yeni şərtlərin tələb etdiyi fərqli adamlıq dini xüsusiyyətlərinə doğru irəliləyir. Məsələn, ictimai səviyyəsini artırmayan, aşağı mədəniyyət səviyyəsinə mənsub insanlar savadsızlığın nəticəsində cavanlıq xüsusiyyətini tam bir şəxsiyyət olaraq mənimsəyir. İşi, peşəsi, zənginliyi, mədəniyyəti və zəkası ilə cəmiyyətdə lovğalana və fərqlənib önə çıxa bilmədiyini anlayan insanların əksəriyyəti cavanlığa çox ehtiyac duyur. Həyatının sonuna qədər də bu psixologiyada olur. Yaşadığı cəmiyyətin böyük qismi bu vəziyyətdə olduğu üçün cavanlıq xüsusiyyəti əksər insanların ortaq xarakter tərzini təşkil edir və beləliklə, mühakimə olunmur, əksinə, qəbul olunur.
Ancaq bunu da qeyd etmək lazımdır ki, cavanlığın xüsusiyyəti olaraq göstərilən cəsarət, qoruyuculuq, dürüstlük, əlbəttə, gözəl xüsusiyyətlərdir. Amma burada vurğulanan odur ki, cavanlıq psixologiyasında bütün bu gözəl xüsusiyyətlər əsli ilə yaşanmır. Bir neçə saxta nümunəsi yaşanır və bunda Allah rizası da düşünülmür.
16- Qurana uyğun olmayan hörmət anlayışı
Adamlıq dininin sahib olduğu yanlış hörmət anlayışına keçməzdən əvvəl, Quranda bildirilən hörmət anlayışına baxmaq lazımdır. Quranda bildirildiyi kimi, mömin əvvəlcə Allah`a qarşı böyük hörmət göstərir.
“Ali-İmran” surəsinin 199-cu ayəsində: “Allah`a boyun əyərək...” və “Ənbiya” surəsinin 90-cı ayəsində isə peyğəmbərlərdən danışılarkən: “...Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu ilə Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər”, - deyilir. “Muminun” surəsində də yenə möminlər üçün “Həqiqətən, Rəbbinin qorxusundan tir-tir əsənlər”. (Muminun surəsi, 57) ifadəsindən istifadə edilir. Hörmət başqa ayələrdə də Allah`a duyulan dərin qorxunun bir parçası kimi keçir.
Bu səbəbdən, möminin sahib olduğu hörmət hissinin qaynağı Allah`a göstərdiyi hörmətdir. Digər insanlara göstərdiyi hörmət də bu əsl hörmətin inikasıdır. Mömin Allah`a hörmət etdiyi üçün Ona itaət edən, Onun razılığını qazanmağa çalışan digər insanlara, yəni bütün möminlərə də hörmət edir. Hörmətə layiq olmayanlara, yəni Allah`a üsyan edən, Onun razılığına zidd hərəkət edən, Allah`ı tanımayan inkarçılara isə ürəkdən hörmət etmir. Bu insanlara da nəzakətlə və gözəl tərzdə münasibət göstərir, ancaq daxilən hörmət etməsi qeyri-mümkün olur.
Əlbəttə, adamlıq dinindəki hörmət anlayışı Quranda təsvir edilən gerçək hörmət anlayışından tamamilə uzaqdır. Möminlərdəki hörmət daha əvvəl də ifadə etdiyimiz kimi, təməli Allah`a olan hörmətdən qaynaqlanan səmimi bir duyğudur. Adamlıq dinində isə səthi, müəyyən qəliblərə oturdulmuş, tamamilə qarşılıqlı maddi əlaqələrə əsaslanan riyakar davranış tərzləri olaraq özünü göstərir.
Adamlıq dininə görə hörmət göstərmək nəzakətli davranmaq və müxtəlif mühitlərə görə qaydalaşdırılmış söz və hərəkət qəliblərini süni tərzdə tətbiq etməkdir. Hörmət adamın cəmiyyətdə bir mövqeyə gəlməsinə kömək edən, mühitə və insanlara görə şəkli, müddəti dəyişən və dözülməsi lazım olduğuna inanılan bir davranış olaraq qəbul edilir.
Adamlıq dininin həyat fəlsəfəsi ikiüzlülüyə və saxtakarlığa əsaslandığı üçün hörmət də məcburən və istənmədən göstərilir. Adam hörmət göstərməli olduğu anlara dözür. Hörmət onun xarakterində yoxdur. Buna görə, adamlıq dinində insanların ən rahat olduğu mühitlər heç kimə hörmət göstərmək məcburiyyətində olmadığı və əsl xüsusiyyətini rahatlıqla göstərə bildiyi mühitlərdir. Bu cür mühitlərdə insanın üslub pozuntusu, əxlaq anlayışının yanlışlığı, ətrafındakılar haqqındakı gerçək düşüncələri və gerçək münasibəti bəlli olur.
Hörmət anlayışı məkanlara və mühitə görə dəyişdiyi kimi, yaşa görə də dəyişir. Adamlıq dinində adamın özünə güvəndiyini, heç kimə əhəmiyyət vermədiyini, bu səbəbdən, kimsəyə qarşı qorxusunun olmadığını, yəni şəxsiyyətinin tam inkişaf etmiş olduğunu isbat etməsi rahatlıq adı altında son dərəcə bəsit və ətrafa qarşı hörmətsiz davranması ilə özünü göstərir. Rahat hesab edilən mühitlərin özünə xas davranış və danışıq formaları vardır. Heç tanımadığı birinin evində soyuducunu açmaq, dostunun evinə getdikdə otağını ondan icazəsiz axtarmaq, şkafını açıb paltarlarını geymək, ayaqlarını mümkün olduğu qədər yuxarı qaldırıb yatırmış kimi oturmaq, səmimiyyət adı altında davamlı yerli-yersiz danışmaq, yaxında olsa belə, qışqıraraq yüksək səslə və söyüşlə danışmaq, bütün zarafatlarına cinsi mövzunu qatmaq bu çirkin xüsusiyyətlərin ən diqqətə çarpanlarıdır.
Bura qədər göründüyü kimi, adamlıq dini Quran vasitəsilə insana verilən əxlaqi prinsiplərin hamısına zidd bir əxlaq modeli ehtiva edir. Bu, şübhəsiz, Allah`a hesab veriləcəyinin unudulduğu və insanların böyük bir qəflət içində dünya həyatının keçici bəzəyinə qapıldığı cəmiyyətdə ortaya çıxır. Bu cəmiyyət Qurandakı deyimlə cahiliyyə cəmiyyətidir, tamamilə cahildirlər, çünki bu birlik Allah`ın varlığından və axirətdən xəbərsiz kimi yaşayır.
Bu cəmiyyətin insanları üçün dünya həyatı tək meyardır. Halbuki, dünya həyatı insana aldanışdan başqa bir şey vermir:
Bilin ki, dünya həyatı oyun-oyuncaq, bərbəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir. (Hədid surəsi, 20)
Allah`ı unutmuş cəmiyyət qısa müddətdə yeganə meyar olaraq dünya həyatını seçən cahiliyyə mədəniyyətini meydana gətirir. Bu mədəniyyətin içində atalardan miras qalan batil inanclar, mənfəətlərə əsaslanan saysız- hesabsız qaydalar vardır. Adamlıq dini bəhs olunan cahiliyyə mədəniyyətinin adıdır.
Bu cəmiyyətdə doğulan insan isə bu mədəniyyəti uzun müddət davam edən təhsillə mənimsəyir. Şüur qazanmağa başladığı andan etibarən əvvəl ailəsi, sonra da yaxınları tərəfindən adamlıq dininin mədəniyyəti ilə tərbiyə olunur. Getdikcə öz şəxsi mənfəətləri üçün digər insanlardan istifadə etməyi, “gəmisini qurtaran kapitan” olmağı, mal və mövqe həvəsini öyrənir. Cahiliyyə cəmiyyəti ona adam olmaq üçün nələr etməsinin lazım olduğunu bir-bir öyrədir.
Hiç yorum yok:
Yorum Gönder